Xəbər bülleteni № 3
http://transparency.az/cnews/
Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12)
497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20
38E-mail: info©transparency.az
İyul 2015
· “Administrasiyada bilirlər ki, mən bəzi hallarda məlumatı
onlardan tez əldə edirəm”
· Media işçiləri üçün binanın tikintisinə 5 milyon manat əlavə
vəsait ayrılıb
· AZAL prezidenti eşidib ucuzlaşmaya getdi
· Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi hesabat
verdi
· Dünya Bankı Qrupu Azərbaycan üzrə yeni çərçivəni
təsdiqləyib
· Əmək qanunvericiliyi: 6 ayda 8 mindən çox pozuntu qeydə
alınıb
· Bu il Çində korrupsiyaya görə 19 min məmur cəzalandırılıb
· Azərbaycan Şengen zonasına dəvət olunur
· Banklara sağ qalmaq üçün 8 ay möhlət verilib
· Media sərəncamı büdcəyə ayda 5660 manata başa gələcək
· Beynəlxalq Bank rəhbərlərini dəyişdi. Kurs da dəyişir
· Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qaynar xətt” hesabatı
verdi
· Hesablama Palatası 6 aya yekun vurdu, pozuntuları açıqladı
· Dövlət Əmək Müfəttişliyi Xidməti 12 nəfəri işinə bərpa
etdirib
· Hüquqşünas avtomobillərin paytaxta girişinə məhdudiyyəti
qanunsuz sayır
· Sığorta növləri: artım nədədir, azalma nədə?
· Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi
Komissiyasının qərarı dərc olundu
· Avro zonası borc içində batır (Ən yeni statistika)
· DSMF sədri: “Sosial sığorta gəlirləri 8 faiz artıb”
· Avropa İttifaqı Donald Tuskun Şengen bəyanatına aydınlıq
gətirdi
· Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan üç
qurumun əsasnamələri təsdiq edilib
· İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası: yeni
təkliflər hazırlanır
· Dövlət Neft Fondu hesabat verdi. Aktivlərdə 3,56 faiz azalma
var
· Prezident Administrasiyasının sabiq rəhbəri rüşvət ittihamı
ilə tutuldu
· Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası
keçirilib
· Silahlı Qüvvələrdə korrupsiya hallarına yol vermiş 43 şəxsin
işi məhkəmələrə gedib
· Maliyyə Nazirliyinin nəzarət tədbirlərinin nəticələri barədə
məlumat
· Hökumət 4 milyard manatı haradan tapacaq?
· Qızılı nələr ucuzlaşdırır
· Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı
açıqlayıb
· İnformasiya əldə etməyi asanlaşdıran yeni sistem yaradılıb
· Manatla əmanət qoyuluşu 62 faizdən 27 faizə enib
· Dünyanın 500 ən böyük şirkətinin illik reytinqi
· İlin birinci yarısında 13676 nəfər işlə təmin edilib
· “Elektron hökumət” elektron viza sistemi tətbiq edəcək
· AZAL aviabiletlərin qiyməti ilə bağlı yeni açıqlama yaydı
· Yunusların məhkəməsi: ittiham aktı elan olunub
· Vergilər Nazirliyinin kollegiya iclası prezident İlham
Əliyevin iradlarını müzakirə edib
· İnsan alveri ilə mübarizə: Azərbaycan üç dəstənin ikincisində
yer alır
· Prezident sərəncamının icrası: nazir ilkin hesabat verdi
· İstehlak bazarında monitorinqin nəticələri açıqlanıb
· Naşir dövlət başçısından kömək istəyir
· Malayziyada korrupsiya qalmaqalı istefalara gətirib
· Prokuror olmaq istəyənlər yazılı imtahan verib
· Məhbus hüquq müdafiəçisi vergi borcunu ödəyib
· “Elektron hökumət” portalına dair yeni statistika
· İntiqam Əliyev cəza evinə köçürülüb
· Dövlət Sosial Müdafiə Fondu ilin birinci yarısına yekun
vurub
· Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
özünü yandıran köçkünlə bağlı açıqlama yayıb
· Sosial xidmətlə bağlı yeni layihə təqdim edilib
· Hökumət qərarı: bəzi mallar gömrük rüsumundan azad olunub
· Rusiyalılar sanksiyaların təsiri barədə nə düşünür?
· Milli Arxiv İdarəsi 6 aylıq işi ilə bağlı hesabat verib
· Bakıda internet xidmətləri: rəsmi qurum bu ilin
göstəricilərini açıqlayıb
· “Facebook” kasıblayır?
· Təhqiqatçı jurnalistə Con Aubuçon Mətbuat Azadlığı Mükafatı
verilib
· “Təmiz hava” aylığında hansı tədbirlərin görüləcəyi bəyan
edilib
· Gömrük məmurlarının iş adamları ilə görüşü keçirilib
· “Şell”in mənfəəti 37% azalıb, 6500 iş yeri ixtisara düşür
· Rusiyadan Azərbaycana və əks istiqamətdə nə qədər pul
köçürüldüyü bəlli olub
· Müdafiə Nazirliyinin üç baş zabiti rüşvət ittihamı ilə həbs
olunub
· Yarım ildə Vergi Apellyasiya Şurasında 11 müraciətə
baxılıb
· Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti
təsdiqlənib
· Müdafiə Sənayesi Nazirliyi səyyar kollegiya iclası keçirib
· Vergi borcunu ödəyən məhbusun cəzası 3 ay azaldıldı
· “Şəhriyar-99”da məhsul istehsalı yasaqlanıb. GMO sınaqları isə
davam edir
· Ermənistanda demoqrafik vəziyyətlə bağlı yeni statistika
· Azərbaycanda keçirilən Dünya Kimya Olimpiadası ilə bağlı
hesabat açıqlanıb
· Bütün kateqoriyalı torpaqlar elektron uçota alınacaq
· Korrupsiya cinayətləri üzrə 99 iş tamamlanıb
Təhlil
· “Şəffaflıq Azərbaycan”ın Əmlak Məsələləri Dövlət Komitəsinə
tövsiyələri
· Mübahisələr qanunu
· Ekspert yeni özəlləşdirmə dalğası proqnozlaşdırır
· Ekspertdən bank tövsiyələri
· Sabiq baş nazir oliqarxlarsız hökumət təklif edir
· Sabiq maliyyə naziri: “İnsanlarımızı rahatsız edə biləcək heç
nə baş verməyib”
· Ekspert: “Bu hələ son deyil”
· Bağla bazar arasında
· Qanun dövlət qulluqçusuna nələri yasaqlayır?
· Nazir: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və
hansı qiymətə alır”
· Korrupsiya ilə mübarizə qanunundan çıxarışlar
“Administrasiyada bilirlər ki, mən bəzi hallarda məlumatı
onlardan tez əldə edirəm”
22.07.2015
“Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı
halları, digər xoşagəlməz hallar — korrupsiya, rüşvətxorluq,
insanların hüquqlarının pozulması halları var”. Prezident İlham
Əliyev iyulun 21-də Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə
görüşündə belə deyib.
Transparency.az-ın məlumatına görə, dövlət başçısı bir çox
hallarda pozuntular, qüsurlar, xoşagəlməz vəziyyət barədə məlumatı
o cümlədən mətbuatdan əldə etdiyini vurğulayıb: “Bu, mənim üçün də
çox əhəmiyyətlidir. Çünki prezidentin hadisələrlə bağlı bilavasitə
mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya
işçiləri, digər mənbələr var. Ona görə bəzi hallarda məlumat ya
gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək
istəyirlər. Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi
yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər
strukturlarda işləyənlər bilirlər ki, mən bəzi hallarda məlumatı
onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı bu,
yoxlanılmalıdır, əgər həqiqətdirsə, ölçü götürülməlidir.
Ona görə sizin işiniz mənim üçün də çox dəyərlidir,
əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də
olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki,
çoxdur. Bir çox məsələlər öz həllini tapıb. Ancaq hələ ki, həm
siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər
çoxdur. Hesab edirəm ki, xüsusilə idarəetmə sistemində islahatlar
daha da dərinləşməlidir. Ölkədə sosial ədalətsizlik halları var.
Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar — korrupsiya,
rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var.
Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir.
Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da
böyük pozuntular törədəcək. Mətbuatın burada nadir rolu var. Mən
bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu
sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm
ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir
yanlış hərəkət reaksiyasız qalmayacaq.
Son vaxtlar Bakının hər hansı bir yerində əgər bir ağac
kəsilirsə dərhal qəzetlərdə, internet saytlarında bu barədə məlumat
gedir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə
də həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə,
vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik,
qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin.
İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var.
Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi
internet istifadəçisidir. Biz indi hər bir yaşayış məntəqəsinə
genişzolaqlı internetin çəkilişini təmin etməyə çalışırıq.
Ona görə mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ
görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl
dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı
davam etdirəcəyik”.
Media işçiləri üçün binanın tikintisinə 5 milyon manat əlavə
vəsait ayrılıb
22.07.2015
Prezident İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının
tikintisi ilə bağlı əlavə tədbirlərə sərəncam verib. İyulun 21-də
imzalanan sərəncam 2015-ci il dövlət büdcəsindən, prezidentin
ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılmasını nəzərdə
tutur.
Transparency.az xatırladır ki, jurnalistlər üçün yaşayış binası
Bakının Bibiheybət qəsəbəsində tikilir. 17 mərtəbəli, 255 mənzilli
binanı 2016-cı ildə təhvil vermək planlaşdırılır. Dünənədək binaya
dövlət büdcəsindən 8 milyon manat ayrılmışdı.
Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir
və pulsuz paylanır.
Ərazidə jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina 2013-cü
ildə istifadəyə verilib.
AZAL prezidenti eşidib ucuzlaşmaya getdi
22.07.2015
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) aşağı
büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin
aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli
yerlərin yeni blokunu tətbiq edib. Qurumun mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər prezident İlham Əliyevin
iyulun 13-də Nazirlər Kabinetinin iclasında aviabiletlərin
qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun
olaraq görülüb.
İyulun 21-də AZAL-ın İdarə Heyətinin kollegiyasının qapalı
iclasında çıxarılan qərara görə, bu istiqamətlər üzrə aşağı büdcəli
sərnişindaşıma xətti (lou-kost istiqamətlər) yaradılır:
- Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3
dəfə;
- Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün
1 uçuş;
- Bakı-Moskva-Bakı – bu ilin oktyabrından başlayaraq hər gün 2
uçuş;
- Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq hər gün bir
uçuş.
Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan
hava daşımalarının biznes-modeli tətbiq olunacaq.
Uçuşlar “Embraer” təyyarələri ilə həyata keçiriləcək. Bu
istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun
satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.
“Azərbaycan Hava Yolları”nın bütün mövcud reyslərində cari
qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq
olunmasına dair qərar da qəbul edilib. Bu tarif siyasəti yeni
lou-kost istiqamətlərə şamil olunmayacaq.
Avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün
istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz
endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı
təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər
üçün bütün növ ekonom-klass xidmətləri saxlanacaq.
Transparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin
iclasında turizm sahəsində vəziyyətdən danışan prezident İlham
Əliyev təyyarə biletlərinin bahalığından gileylənib:
“Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual
olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu
alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət
göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən
bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü
istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir
axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük
subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti
hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün
şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti
başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Mən
tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye
Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm
də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və
qiymətlər süni şəkildə qaldırılmamalıdır”.
П
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi hesabat
verdi
22.07.2015
Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş
İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin birinci yarım ilinin
göstəricilərini açıqlayıb. APA-nın məlumatına görə, iyulun 21-də
mətbuat konfransı keçirən Kamran Əliyev deyib ki, Korrupsiyaya
Qarşı Mübarizə Baş İdarəsi bu ilin birinci yarısında vətəndaşların
5150 müraciətinə baxıb, həmçinin 95 cinayət xarakterli material
araşdırıb.
Hesabata əsasən, cinayət xarakterli materialların 65-i (68%)
üzrə cinayət işi başlanıb, 30 (32%) material üzrə zəruri
qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. 6 ayda Korrupsiyaya
Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə
mərkəzinə 3414 müraciət daxil olub, həmin müraciətlərin 12-si üzrə
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri
açılıb.
Cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə
korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5
cinayət işi başlanıb, 158 şəxs barəsində 99 cinayət işinin
istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. Həmin cinayət
işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs
barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta
sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin
səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6
şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə
digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 94 milyon
895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat
və ya 31,8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin
əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə
tutulmuş tədbirlər görülüb.
Dünya Bankı Qrupu Azərbaycan üzrə yeni çərçivəni təsdiqləyib
22.07.2015
Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası Azərbaycan üçün
2015-2020-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ)
təsdiqləyib. ÖTÇ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB),
Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və İnvestisiya Zəmanətləri
üzrə Çoxtərəfli Agentliyin (MİGA) daxil olduğu Dünya Bankı Qrupunun
5 illik birgə strategiyasını əks etdirir.
Dünya Bankının Azərbaycan nümayəndəliyinin iyulun 22-də yaydığı
məlumatda deyilir ki, ÖTÇ ölkənin qısa və uzun müddətli
perspektivdə qarşılaşdığı iqtisadi şəraitin, sınaq və
məhdudiyyətlərin əhatəli təhlilini ehtiva edən Azərbaycan üzrə
Sistemli Ölkə Diaqnostikasına əsaslanır. ÖTÇ iki sahəyə diqqət
ayırır: dövlət sektorunun idarə edilməsi və dövlət xidmətlərinin
göstərilməsi, iqtisadi rəqabət qabiliyyəti.
Məlumata görə, İFC-nin əsas diqqəti ÖTÇ-nin iqtisadi rəqabət
qabiliyyəti gündəliyinin dəstəklənməsi, maliyyə inkluzivliyinin
gücləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi üçün
təşəbbüslərin davam etdirilməsi və gücləndirilməsinə yönələcək. İFC
həmçinin əhəmiyyətli infrastruktur layihələri, kənd təsərrüfatı və
digər ixrac yönümlü sahələr də daxil olmaqla real sektoru
dəstəkləmək məqsədilə sərmayə və məsləhət imkanlarını
araşdıracaq.
Azərbaycan 1992-ci ildə Dünya Bankına, 1995-ci ildə isə İFC-yə
üzv olub. Bu müddət ərzində Dünya Bankı ölkədə 55 layihə üçün 3
milyard dollardan çox vəsait ayırıb. Dünya Bankının Azərbaycanda
cari sərmayə portfeli 2 milyard dollar həcmində olan 16 layihəni
əhatə edir.
1995-ci ildən bəri İFC ölkədə 54 uzunmüddətli maliyyə layihələri
üzrə 365 milyon dollardan çox sərmayə yatırıb və digər borc
mənbələrindən əlavə 74 milyon dollar cəlb edib. İFC həmçinin
ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə ticarətə təqribən
77 milyon dollar dəstək verib.
Əmək qanunvericiliyi: 6 ayda 8 mindən çox pozuntu qeydə
alınıb
22.07.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti (DƏMX) bu ilin birinci yarısında 8076 halda
əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Nazirliyin
ictimaiyyətlə əlaqələr sektorundan Transparency.az-a verilən
məlumata görə, hüquq pozuntularının daha çox ticarət və ictimai
iaşə, topdansatış, tikinti sahələrində əsasən özəl sektora aid
müəssisələrdə baş verdiyi müəyyən edilib.
Hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə
uyğun formada zəruri tədbirlər görülüb. Əmək qanunvericiliyinin
pozulması hallarına görə aidiyyəti işəgötürənlərə qarşı cərimələr
tətbiq olunub. Həmin cərimələrin 53,8 faizinin (1047777 manat)
dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə 119421 manat və ya 12,8 faiz
çoxdur.
Hesabat dövründə əmək qanunvericiliyinin pozulması faktlarının
sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz
azalıb.
Bu il Çində korrupsiyaya görə 19 min məmur cəzalandırılıb
22.07.2015
Transparency.az xəbər verir ki, iyulun 22-də Çin Kommunist
Partiyasının Nizam-İntizam üzrə Mərkəzi Komissiyası 2015-ci ilin
ilk yarısında korrupsiyaya görə 19 min məmurun cəzalandırıldığı
haqda məlumat yayıb. Bu rəqəm ötən illə müqayisədə korrupsiya
hallarının azaldığını göstərir. 2014-cü ildə ölkədə korrupsiya ilə
bağlı cəzalandırılan vəzifəli şəxslərin sayı 70 min nəfər olub.
Rəsmi açıqlamaya görə, korrupsiya hallarının azalması 2012-ci
ilin sonunda qəbul olunmuş səkkiz davranış qaydasının işə düşdüyünü
göstərir. Həmin davranış qaydalarına xidməti fəaliyyətdə
bürokratiyanın, israfçılığın, xoşagəlməz davranışın kökünün
kəsilməsi daxildir.
Qurum 2012-ci ildən bəri məsuliyyətə cəlb olunmuş
korrupsiyalaşmış məmurların ümumi sayının 120 minə çatdığını
bildirib.
Azərbaycan Şengen zonasına dəvət olunur
22.07.2015
İyulun 22-də prezident İlham Əliyev Bakıda Avropa İttifaqı
Şurasının prezidenti Donald Tuskla əvvəl nümayəndə heyətlərinin
iştirakı ilə, sonra təkbətək görüşüb. Görüşlərin ardınca İlham
Əliyevin və Donald Tuskun birgə mətbuat konfransı olub.
APA-nın məlumatına görə, İlham Əliyev mətbuat konfransında deyib
ki, Azərbaycanın xarici ticarətinin demək olar yarısı Avropa
İttifaqı ölkələri ilə aparılır: “Avropa İttifaqı ölkələri həmçinin
bizim əsas investorlarımızdır. Ölkəmizə sərmayələrin 50 faizindən
çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər
sahələrə də aid etmək lazımdır. Potensial əməkdaşlıq sahələrindən
biri də daşımalar sahəsidir. Artıq dəmir yolu xətti layihəsi bitmək
üzrədir. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstan birləşəcək,
qədim İpək Yolu bərpa olunacaq, iki qitə arasında ticarət
dövriyyəsi artacaq. Azərbaycan tranzit ölkəsi kimi bunda öz mühüm
rolunu oynayacaq”.
Prezident görüşdə enerji təhlükəsizliyi məsələlərinin də
müzakirə olunduğunu söyləyib: “Avropa ilə yaxşı tərəfdaşıq. Cənub
Qaz Dəhlizi layihəsi ötən il təqdim edildi. Azərbaycan öz təşəbbüsü
ilə bu layihəni irəli sürüb. Hazırda tərəfdaşlar, qonşu ölkələr və
sərmayədarlarla birlikdə işləyirik ki, bu layihəni vaxtında icra
edək. Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir.
“Şahdəniz” qaz yatağının ehtiyatı 1 trilyondan artıqdır. Bu da
gələn on illər ərzində bizi qazla təmin edəcək. Cənubi Qaz Dəhlizi
layihəsi ölkələri birləşdirən, istehsalçı, istehlakçı və tranzit
ölkələrə xidmət edən bir layihədir.
Bu ilin mart ayında TANAP layihəsinin tikintisi başlayıb. Biz
işləri vaxtında aparırıq. Bu layihə həm də enerji diversifikasiyası
layihəsidir və nəinki marşrutların, həmçinin mənbələrin də
şaxələndirilməsi deməkdir”.
Donald Tusk Azərbaycan prezidenti ilə viza rejiminin
sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək
danışıqların yekunlaşacağını bildirib: “Azərbaycanın Şengen
zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər
ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik
ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen
vizalarının verilməsi asanlaşacaq”.
Banklara sağ qalmaq üçün 8 ay möhlət verilib
22.07.2015
Mərkəzi Bank bank kapitalının və onun adekvatlığının
hesablanması qaydalarına edilmiş dəyişikliyin icrasını təxirə
salıb. Ötən ilin dekabrında edilmiş dəyişikliyə görə, banklarda
məcmu kapitalın adekvatlıq əmsalı hesablananda aidiyyəti şəxslərə
verilmiş kreditlərin məcmu kapitaldan çıxılması tələb olunur. Bu
qayda 2015-ci il iyunun 1-dən qüvvəyə minməli idi. Yəni banklar hər
il aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu kapitaldan
çıxılmalı olan payını 20 faiz artırılmalı idi. Ancaq Mərkəzi Bank
güzəştə gedərək banklara əlavə 8 ay vaxt verdi və müddəti 1 fevral
2016-cı ilədək uzatdı.
Son dəyişiklik nəticəsində məcmu kapitalın və I dərəcəli
kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı çıxılmalı
olan aidiyyəti şəxslərə verilmiş kreditlərin payı 1 fevral 2017-ci
ilədək 20 faizə, 1 iyun 2018-ci ilədək 40 faizə, 1 iyun 2019-cu
ilədək 60 faizə, 1 iyun 2020-ci ilədək 80 faizə, bundan sonra isə
100 faizə çatdırılacaq. Bu qayda ancaq 1 iyun 2015-ci ilədək
verilmiş kreditlərə şamil ediləcək. Həmin müddətdən sonra aidiyyəti
şəxslərə yeni verilmiş və ya restrukturizasiya olunmuş kreditlərin
100 faizi adekvatlığın hesablanmasında nəzərə alınacaq.
Banka aidiyyəti olan şəxslər sırasına bankda mühüm iştirak payı
olan şəxslər, bankın inzibatçıları, struktur bölmələrinin
rəhbərləri, qərar qəbulu prosesində iştirak edənlər və onların
yaxın qohumları daxildir.
Bu dəyişiklik nədən ibarətdir və bank sektoruna nə kimi təsir
göstərəcək?
Transparency.az-a danışan iqtisadçı ekspert Samir Əliyev deyir
ki, Mərkəzi Bank fəaliyyət göstərən bankların kapitalına dair bir
sıra normativ müəyyənləşdirib: “Həmin normativə əsasən, məcmu
kapitalın adekvatlıq əmsalı 12 faizdən, I dərəcəli kapitalın
adekvatlıq əmsalı isə 6 faizdən az olmamalıdır. Banklar leverec
əmsalını 6 faizdən az olmayan səviyyədə saxlamalıdır.
Müşahidələr göstərir ki, heç də bütün banklar bu tələbləri
yerinə yetirə bilmir. Devlavasiya zərbəsi nəticəsində bankların
kapitalında ciddi problemlər yaranıb. Hətta 50 milyon manatlıq
həddi keçməyə müvəffəq olmuş banklar yenidən kapital çatışmazlığı
ilə üzləşiblər. Ötən il adekvatlıq əmsalı bank sistemində ortalama
19 faiz olduğu halda bu il əmsal kəskin azalıb və normadan aşağı
düşüb. İyunun 1-dən sonra adekvatlıq hesablanan zaman aidiyyəti
şəxslərə verilmiş kreditlərin 100 faiz nəzərə alınması durumu daha
da pisləşdirir. Deməli, banklar kapitalın artırılmasında daha
dayanıqlı vəsait cəlb etməyə vadar olacaq, kreditlərə isə təkcə
aidiyyəti şəxslərə yox, həm də təsadüfi müştərilərə veriləcək”.
Ekspert deyib ki, 8 ay təxirə salınan proses konsolidasiyaya
xidmət edir və bankların manevr imkanını məhdudlaşdırır: “Yəni
Mərkəzi Bankın normativini yerinə yetirməyən banklar, xüsusən də
kiçik banklar lisenziyanı itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bu
isə onların bazarı tərk etməsi deməkdir. Deməli, bütün yollar
bankların sayının azaldılmasına aparır. Əmanətlərin Sığortalanması
Fondu yəqin ki, bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. Elə
əhalinin əsəbləri də son həddədir. Hazırda bütün gözlər Mərkəzi
Banka baxır”.
Media sərəncamı büdcəyə ayda 5660 manata başa gələcək
22.07.2015
Bu ay Azərbaycanda 61 jurnalistə “Əməkdar” fəxri adı verildi –
prezidentin sərəncamı ilə 44 nəfər əməkdar jurnalist, 17 nəfər
əməkdar mədəniyyət işçisi fəxri adı aldı. Transparency.az bildirir
ki, 61 nəfərin təqaüdü dövlət büdcəsinə ayda 3660 manata başa
gələcək.
Azərbaycanda “Əməkdar” fəxri adı üçün 60 manat təqaüd müəyyən
edilib (“Xalq” fəxri adı üçün təqaüdün məbləği 100 manatdır).
İyulda daha 2 jurnalistə prezidentin fərdi təqaüdü kəsilib. Bu
təqaüdün məbləği 1000 manatdır. İki yeni fərdi təqaüdçü üçün
büdcədən ayda 2000 manat ödənəcək.
Beynəlxalq Bank rəhbərlərini dəyişdi. Kurs da dəyişir
23.07.2015
İyulun 22-də Azərbaycan Beynəlxalq Bankı səhmdarlarının
növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda bankda dövlətə
məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması fərmanından (Fərman)
irəli gələn vəzifələr müzakirə edilib, Müşahidə Şurasının və İdarə
Heyətinin tərkibi, bankın səhmlərinin formasının dəyişdirilməsi
barədə məsələlərə baxılıb.
Beynəlxalq Bankın İdarə Heyətinin əvvəlki sədri Cahangir Hacıyev
bu il martın 18-də istefa verib. O zamandan sədrin səlahiyyətlərini
Emil Mustafayev icra edirdi.
Transparency.az www.ibar.az-a istinadla xəbər verir ki,
səhmdarların 22 iyul toplantısında bankın Müşahidə Şurasının
tərkibi 7 nəfərdən 5 nəfərə endirilib. Emil Mustafayev, Vaqif
Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyev səlahiyyət müddətlərinin
başa çatması ilə əlaqədar İdarə Heyətinin üzvlüyündən və tutduqları
vəzifələrdən azad ediliblər. İdarə Heyətinin yeni tərkibi seçilib,
Elmar Məmməd oğlu Məmmədov 4 il müddətinə İdarə Heyətinin sədri
vəzifəsinə, Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov
isə həmin müddətə İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə
təyinat alıblar.
Yeni seçilmiş İdarə Heyətinə kredit siyasətinin yenidən işlənib
hazırlanması, bankın təşkilati strukturunun və filial şəbəkəsinin
təkmilləşdirilməsi barədə tapşırıqlar verilib. Bankın Audit
Komitəsinə kreditlərin verilməsi zamanı bank və mülki
qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərinin
araşdırılması, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin
hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb
olunması üçün tədbirlərin görülməsi həvalə edilib.
“Qiymətli kağızlar bazarı haqqında” qanunun qüvvəyə minməsi ilə
əlaqədar səhmlərin sənədli formadan sənədsiz formaya dəyişdirilməsi
barədə qərar qəbul edilib (Sənədli səhm və istiqraz buraxılışı
qadağan edilir).
İyulun 15-də prezident İlham Əliyev Beynəlxalq Bankın dövlətə
məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması haqqında fərman
verib. Fərmanda qeyd olunub ki, son illər bankın idarə edilməsində
və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o
cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin
maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə,
problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb
olub, yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə
mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli
aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma
verilməsi zərurəti yaranıb.
Sənədə görə, Maliyyə Nazirliyi və Mərkəzi Bank on beş gün
müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli
aktivləri müəyyən etməli və həmin aktivlərin mərhələli şəkildə
müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından
çıxarılıb dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti
Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün
tədbirlər görməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qaynar xətt” hesabatı
verdi
23.07.2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 24 saat fəaliyyət
göstərən 168 saylı “Qaynar xətt”inə 2015-ci ilin aprel-iyun ayları
ərzində 955 şikayət daxil olduğunu açıqlayıb. Transparency.az-ın
məlumatına görə, açıqlamada deyilir ki, şikayətlərin 901-ni
nazirliyin əməkdaşları yerində araşdırıb qanuna müvafiq tədbirlər
görüb, digər müraciətlərin araşdırılması isə davam etdirilir.
Şikayətlər əsasən ağacların kəsilməsi, aşma təhlükəsinin olması,
məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması,
atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və
faunanın mühafizəsi ilə əlaqədar olub.
Aprel-iyun ayları ərzində daxil olmuş şikayətlər əsasında Ətraf
Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 301 şikayət, Ətraf
Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 44 şikayət,
istehsalat siyasəti şöbəsinə göndərilmiş 10 şikayət əsasında
tədbirlər görülüb.
Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 457 şikayətdən 451-i,
Meşələrin İnkişafı Departamentinə göndərilmiş 80 şikayətdən 65-i,
Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 52 şikayətdən 24-ü,
Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi
Departamentinə göndərilmiş 7 şikayətdən 5-i, Bioloji Müxtəlifliyin
Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı
Departamentinə göndərilmiş 4 şikayətdən 1-i üzrə araşdırma
aparılıb, qalan şikayətlərin araşdırılması davam etdirilir.
Hesablama Palatası 6 aya yekun vurdu, pozuntuları açıqladı
23.07.2015
Hesablama Palatası 2015-ci ilin 6 ayı ərzində həyata keçirdiyi
nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumat yayıb. Rəsmi
açıqlamaya görə, 6 ay ərzində 58 nəzarət tədbirinin başlanması və
34 tədbirin nəticələri ilə bağlı kollegiya qərarları qəbul olunub.
34 nəzarət tədbirindən 1-i dövlət büdcəsinin gəlirləri ilə yanaşı
xərclərini, 1-i dövlət büdcəsinin xərcləri ilə birgə dövlət
zəmanəti ilə alınmış kreditlər üzrə vəsaitləri, 29-u dövlət
büdcəsinin xərclərini, 2-si Dövlət Sosial Müdafiə Fondunun
vəsaitlərini, 1-i Dövlət Neft Fondunun büdcəsini əhatə edib.
6 ay ərzində 107 kollegiya qərarı qəbul edilib. Nəticələri ilə
bağlı qəbul edilmiş kollegiya qərarları əsasında 50 quruma təqdimat
göndərilib. Həmin təqdimatların 34%-ni yerli icra hakimiyyəti
orqanlarına aid olub.
Ötən illər üzrə qəbul olunmuş qərarların icrasının davamı olaraq
və 2015-ci ilin hesabat dövründə görülmüş tədbirlərin nəticəsi kimi
ümumilikdə 1564,3 min manat dövlət vəsaitinin bərpası təmin edilib
(ötən il üzrə müvafiq göstəricidən 5,2% çox).
Qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa edilmiş pul
vəsaitlərinin nöqsanlar üzrə tərkibi əsasən artıq əməkhaqqı
xərclərinin ödənişi, təmir-tikinti işlərinin dəyərinin artırılması
və maddi dəyərlililərin çatışmazlığı ilə bağlı olub.
Hesabat dövründə təhvil verilməmiş 1309,1 min manat məbləğində
çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin
olunmayan inventar və avadanlıqların təhvil verilməsi, 352,5 min
manat məbləğində iş və xidmətlərin görülməsi təmin edilib.
Maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların
aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə
bağlı göndərilmiş təqdimatların icrası olaraq 101 vəzifəli şəxslə
bağlı müxtəlif intizam-tənbeh tədbirləri görülüb.
Müəyyən edilmiş xarakterik nöqsanlar arasında dövlət
satınalmalarını tənzimləyən normativ-hüquqi aktların və vəsaitlərin
istifadəsi zamanı funksional və iqtisadi təsnifatı tələblərinin
pozulması halları xüsusilə seçilir. 2015-ci ilin 6 ayı ərzində
nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi
məbləği 885 milyon manat təşkil edib. Ümumi məbləğdən 9,8 milyon
manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 milyon manat isə
təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə
ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.
Satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki
və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma
proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və
müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunması,
rəqabətsiz satınalma metodlarından istifadə halları, keçirilmiş
satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat
verilməməsi kimi nöqsanlar da aşkar edilib.
6 aylıq hesabatda deyilir ki, nəzarət tədbirlərində tələbatdan
artıq malların və inventarların alınması, avadanlıqların istismara
verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və
həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol
verilməsi hallarına da rast gəlinib.
Dövlət Əmək Müfəttişliyi Xidməti 12 nəfəri işinə bərpa
etdirib
23.07.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti (DƏMX) bu ilin yanvar-iyun aylarında 489402
manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin
işçilərə ödənilməsini təmin edib. Transparency.az-a verilən rəsmi
məlumata görə, ödənilməsi təmin olunan gecikdirilmiş sosial
xarakterli ödənişlərin 413969 manatı əmək haqlarından, 8278 manatı
zərərə görə ödənclərdən, 67155 manatı sosial müavinət və
kompensasiyalardan ibarət olub.
Nazirliyin açıqlamasında deyilir ki, 6 ayda DƏMX işdən
qeyri-qanuni şəkildə çıxarılmış 12 nəfərin yenidən öz əvvəlki işinə
bərpa olunmasını təmin edib.
Hüquqşünas avtomobillərin paytaxta girişinə məhdudiyyəti
qanunsuz sayır
23.07.2015
Nəqliyyat vasitələrinin paytaxt Bakıya girişi çərçivəyə salınır.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Kamran Əliyevin APA-ya açıqlamasına görə, icazə verilən
maksimum kütləsi 5 tondan artıq yük avtomobillərinin, habelə
regionların qeydiyyatında olan minik avtomobillərinin saat 7-dən
22-dək paytaxta girişinə məhdudiyyətlər tətbiq ediləcək.
“Azadlıq” qəzetinə danışan hüquqşünas Müzəffər
Baxışov deyib ki, məhdudiyyəti Nazirlər Kabinetinin Yol
Hərəkətinin Təhlükəsizliyi Komissiyası müəyyən edib: “Həmin
komissiyanın belə bir məhdudiyyət qəbul etmək səlahiyyəti yoxdur.
Bu, konstitusiyanın 71-ci maddəsi (İnsan və vətəndaş hüquqlarının
və azadlıqlarının təminatı – red.) ilə ziddiyyət təşkil edir.
Avtomobillərin istismarı və müəyyən yerlərə daxil olması ilə bağlı
məhdudiyyətlər yalnız “Yol hərəkəti haqqında” qanunla müəyyən oluna
bilər. “İnsan hüquqlarının tənzimlənməsi” haqqında konstitusiya
qanununun 3-cü maddəsinə görə, insan və vətəndaşların hüquqlarının
məhdudlaşdırılması yalnız qanunla müəyyən edilə bilər. Yəni “Yol
hərəkəti haqqında” qanunla belə bir məhdudiyyət tətbiq oluna bilər
ki, 5 tondan yuxarı olan avtomobillərin Bakı şəhərinə buraxılması
qadağandır. Bu yalnız qanunla müəyyən edilə bilər, belə bir
səlahiyyətə isə Milli Məclis sahibdir.
“Yol hərəkəti haqqında” qanunda belə bir norma yoxdursa, hər
hansı nəqliyyat vasitəsini şəhərə buraxmamağa heç kimin səlahiyyəti
çatmır. Baş verənlər konstitusiyanın 25-ci maddəsinin (Bərabərlik
hüququ – red.) pozulmasıdır. Hamı məhkəmə və qanun qarşısında
bərabərdir. Sosial vəziyyətindən asılı olmayaraq bu və ya digər
şəxslərə məhdudiyyət qoyula bilməz”.
Avropa Oyunlarına görə iyunun 1-dən rayon qeydiyyatında olan
avtomobillər şəhərə buraxılmayıb. Baş nazirin müavini, Nazirlər
Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri
Abid Şərifov bu ayın əvvəlində bəyan edib ki, Avropa Oyunları
zamanı (12-28 iyun 2015) paytaxtda nəqliyyat sıxlığının aradan
qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən
məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında
paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq tədbirlər
planı hazırlanır.
Sığorta növləri: artım nədədir, azalma nədə?
23.07.2015
2015-ci ilin birinci yarısında sığorta növləri arasında ən ciddi
artım kreditlərin sığortasında qeydə alınıb. AZƏRTAC-ın məlumatına
görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov
bildirib ki, bu növ sığortadan toplanan sığorta haqqı 28,9 dəfə
artaraq 436,9 min manat təşkil edib.
Su nəqliyyat vasitələrinin sığortasında yığım 6,8 dəfə artaraq 2
milyon manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 6,6
dəfə artaraq 1,2 milyon manat olub.
Orxan Bayramov əlavə edib ki, həyatın yaşam sığortasında 27,7
faiz, sağalmaz xəstəliklərdən sığortada 90,5 faiz, fərdi qəza və
xəstəlik sığortasında 6,1 faiz, səfər sığortasında 6,7 faiz artım
var.
Avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki
məsuliyyətinin könüllü sığortasında 46,1 faiz azalma qeydə
alınıb.
Hesabata əsasən, istehsalatda bədbəxt hadisələrdən sığortada
11,2 faiz, daşınmaz əmlakın icbari sığortasında 2,1 dəfə, daşınmaz
əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında
6 faiz, avtomobillərin icbari sığortasında isə 19,8 faiz artım
olub.
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının
qərarı dərc olundu
23.07.2015
İyulun 23-də AZƏRTAC Nazirlər Kabinetinin Yol Hərəkəti
Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın
hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında”
qərarını dərc edib. Qərara əsasən, Daxili İşlər Nazirliyinin Baş
Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra
Hakimiyyətinə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və
xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün
növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla icazə verilən
maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin
hərəkətinin Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat
7-dən axşam saat 10-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat
7-dən axşam saat 9-dək məhdudlaşdırmaq tapşırılıb.
Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük
avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti
Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər
Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri
əsasında təşkil edilməlidir.
Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, İqtisadiyyat və
Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət
Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra
Hakimiyyəti Bakı şəhərinə şəhər və rayonlardan, həmçinin ölkə
xaricindən gələn ümumi istifadədə olan nəqliyyat vasitələri istisna
olmaqla, digər növ avtonəqliyyat vasitələri üçün şəhərin cənub və
şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri
şəraiti olan ödənişsiz duracaqların təşkili ilə bağlı təklifləri üç
gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim
etməlidirlər.
Bakı şəhərinə gələn taksi avtomobilləri üçün şəhərə daxil
olmadan çatma məntəqəsi kimi Bakı Beynəlxalq Avtovağzalı təyin
olunur.
Daxili İşlər Nazirliyinə duracaqların tikintisini 2015-ci ilin
sentyabrın 1-dək başa çatdırmaq, Nəqliyyat Nazirliyinə isə
duracaqlardan istifadə edən sürücülərin və sərnişinlərin Bakı
şəhərinin daxilinə çatdırılması üçün avtobus və taksi
dayanacaqlarının və müvafiq avtobus marşrutlarının təşkilini təmin
etmək tapşırılıb.
Qərarda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin
qatarlarının bu ilin sentyabrın 15-dək istismara verilməsi də öz
əksini tapıb.
Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda
müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və
operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin
edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının siyahısını
müəyyənləşdirməli, bu zolaqlarda göstərilən növ nəqliyyat
vasitələrinin hərəkətinin təşkili ilə bağlı təklifləri 10 gün
müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim
etməlidirlər.
Avro zonası borc içində batır (Ən yeni statistika)
23.07.2015
2015-ci ilin birinci rübündə avro zonası ölkələrinin xarici
borcu ümumi daxili məhsula (ÜDM) nisbətdə 92,9 faizə çatıb.
Transparency.az xəbər verir ki, Britaniyanın “Financial Times”
qəzeti Avropa İttifaqının Statistika Xidmətinə istinadla belə
açıqlama yayıb.
Statistikaya görə, 2014-cü ilin son rübündə avro zonası
ölkələrinin xarici borcu ÜDM-ə nisbətdə 92 faiz, bir il bundan öncə
isə 91,9% faiz olub.
Xarici borc sarıdan ən acınacaqlı durum Yunanıstandadır. Bu
ölkənin xarici borcu ÜDM-ə nisbətdə 169 faizə çatıb. 100 faizlik
həddi İtaliya, Belçika, Kipr və Portuqaliya da ötüb.
Transparency.az bildirir ki, 2015-ci il yanvarın 1-nə
Azərbaycanın xarici borcu 6 milyard 478 milyon 200 min ABŞ dolları
olub. Bu, ÜDM-in 8,6 faizi həcmində borc deməkdir.
DSMF sədri: “Sosial sığorta gəlirləri 8 faiz artıb”
23.07.2015
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev
jurnalistlərə açıqlama verib. O deyib ki, 2015-ci ilin yanvar-iyun
aylarında fondun gəlirləri 1 milyard 466,5 milyon manat təşkil
edib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz və ya 44,8
milyon manat artıb: “Fondun sosial sığorta gəlirləri 8 faiz artaraq
870,2 milyon manat olub. Daxilolmaların 65,3 faizi və ya 568,5
milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki
ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat
yuxarıdır”.
İyulun 23-də fondun yaydığı rəsmi məlumata görə, Elman Mehdiyev
deyib ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədə
orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin
yaradılması və əmək haqlarının leqallaşdırılması dərəcəsinin
yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir: “Bu artım
tendensiyası dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna
ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18
milyon manat azalmasına səbəb olub”.
Elman Mehdiyev deyib ki, bu ilin 6 ayı ərzində DSMF-nin xərcləri
1 milyard 457,7 milyon manat təşkil edib, vəsaitin 98,2 faizi və ya
1 milyard 431 milyon manatı əhaliyə ödənişlərə yönəldilib.
Avropa İttifaqı Donald Tuskun Şengen bəyanatına aydınlıq
gətirdi
23.07.2015
İyulun 22-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk
Bakıda prezident İlham Əliyevlə birgə mətbuat konfransı keçirib.
APA-nın həmin gün yaydığı məlumata görə, Donald Tusk Azərbaycan
prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə
etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını
bildirib: “Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik.
Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz
belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli
giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq”.
İyulun 23-də Avropa İttifaqının Azərbaycan nümayəndəliyi
dəqiqləşdirmə yayıb. Nümayəndəlikdən Transparency.az-a verilən
məlumatda qeyd edilir ki, prezident Tuskun viza rejiminin
sadələşdirilməsi ilə bağlı dəqiq bəyanatı belə olub: “Biz
insanların mobilliyini, xalqlarımız arasında səfərləri və birbaşa
əlaqələri təşviq etmək kimi ortaq qəti niyyətimizi müzakirə etdik.
Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişinin keçən ilin
payızında qüvvəyə minməsini alqışlayıram. Bu, mühüm addımdır. Keçən
il Azərbaycandan Şengen məkanına olan ziyarətçilərin sayı 70 min
nəfər olub. Bu, əvvəlki ilə nisbətən təxminən 20 faiz artım
etməkdir. İndi verilən vizaların üçdə bir hissəsini uzunmüddətli
vizalar təşkil edir”.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan üç qurumun
əsasnamələri təsdiq edilib
24.07.2015
Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin strukturuna
daxil olan üç qurumun (Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin
İdarə Edilməsi üzrə Dövlət Xidməti, Bitki Sortlarının Qeydiyyatı və
Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Baş Dövlət Texniki Nəzarət
Müfəttişliyi) əsasnamələrini təsdiqləyib. Transparency.az bildirir
ki, fərman iyulun 23-də imzalanıb.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə
Dövlət Xidməti kənd təsərrüfatı layihələrinin qiymətləndirilməsini,
maliyyələşdirilməsini, təşkilini və icrasına nəzarəti həyata
keçirir, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və
hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən
cəlb edilən maliyyə vəsaitinin müvəkkil kredit təşkilatları
vasitəsilə güzəştli kredit şəklində verilməsini təmin edir.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət
Xidməti bitki sortlarının ekspertizasını, sınağını, qeydiyyatını və
mühafizəsini, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə
edilməsini və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini
təmin edən icra hakimiyyəti orqanıdır.
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi siyahısı Azərbaycan
Respublikasının Nazirlər Kabinetində müəyyən edilən nəqliyyat
vasitələrinin və mexanizmlərin dövlət qeydiyyatını aparır, onların
texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata
keçirir.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə
Dövlət Xidməti haqqında ƏSASNAMƏ
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət
Xidməti haqqında ƏSASNAMƏ
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında ƏSASNAMƏ
İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası: yeni
təkliflər hazırlanır
24.07.2015
İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası
keçirilib. www.economy.gov.az-ın məlumatına görə, nazirliyin
struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin
iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye
naziri Şahin Mustafayev 2015-ci ilin birinci yarısının
nəticələrindən danışıb. O deyib ki, ilin birinci yarısında ümumi
daxili məhsul 5,7% artıb, sənaye istehsalında 3,8%, kənd
təsərrüfatında 7,3%, rabitədə 10,7%, tikintidə 11,5%, nəqliyyatda
1,7%, ticarətdə 13,4%, ümumilikdə qeyri-neft sektorunda 9,2%-lik
artıma nail olunub, ölkə iqtisadiyyatına 12,7 milyard manat
həcmində investisiya qoyulub.
Şahin Mustafayev bildirib ki, Sumqayıt Kimya Sənaye və Balaxanı
Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və
Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir: “Artıq
Sumqayıt Kimya Sənaye Parkında 4 rezident qeydiyyatdan keçib və bu
rezidentlər 700 milyon manatdan çox investisiya qoyuluşunu nəzərdə
tutur. Balaxanı Sənaye Parkında isə avtomobil şinlərinin bərpası,
işlənmiş mühərrik yağlarının və plastik qabların təkrar emalı üzrə
fəaliyyət göstərəcək 3 rezident qeydiyyatdan keçib. Neftçalada
sənaye məhəlləsinin təşkilinə hazırlıq işləri başa çatdırılıb və
yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Ölkənin digər
regionlarında da sənaye parklarının və məhəllələrinin yaradılması
istiqamətində araşdırmalar aparılır”.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə
məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, bu sahədə
qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi
mexanizmi hazırlanıb: “Dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda
qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək.
Bununla yanaşı dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət
yetiriləcək”.
Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi,
biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması
istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə
edilib. Qeyd olunub ki, 2015-ci ilin birinci yarısında əsas hissəsi
qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 97 milyon manat həcmində
güzəştli kreditlər verilib. Sahibkarlığın inkişafının
stimullaşdırılması, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha
da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin
aşağı salınmasına dair təkliflər hazırlanıb və aidiyyəti üzrə
təqdim edilib.
İclasda bildirilib ki, hazırda kənd təsərrüfatının inkişafında
və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət
kəsb edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması
istiqamətində işlər davam etdirilir. Belə ki, indiyədək 30 min
hektar sahəni əhatə edən 19 iri fermer təsərrüfatı yaradılıb,
müasir suvarma sistemləri qurulub.Kollegiya iclasında bəzi xarici
şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət
göstərməsinin qəbuledilməz olduğu vurğulanıb və bu cür halların
qarşısının alınması üçün tədbirlər barədə təkliflərin hazırlanması
qərara alınıb.
Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər barədə məruzə dinlənilib, müzakirələr
aparılıb. Qeyd edilib ki, ölkədə biznes mühitinin daha da
yaxşılaşdırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklər
edilərək sahibkarlıq subyektlərinin elektron qeydiyyatı zamanı
prosedur və müddətlər azaldılıb, korporativ idarəetmənin və kiçik
paya malik səhmdarların hüquqlarının qorunması təkmilləşdirilib,
tikintiyə icazələrin verilməsi və idxal-ixrac əməliyyatları üçün
mövcud prosedur, müddət və xərclər azaldılıb, elektrik təchizatı
şəbəkəsinə qoşulma üçün sənədlərin elektron qəbulu təşkil
olunub.
Dövlət Neft Fondu hesabat verdi. Aktivlərdə 3,56 faiz azalma
var
24.07.2015
Bu ilin ilk altı ayında Dövlət Neft Fondunun (ARDNF) büdcə
gəlirləri 4 milyard 54 milyon manat, büdcə xərcləri isə 4 milyard
42,1 milyon manat təşkil edib. Fonddan AZƏRTAC-a bildirilib ki,
ilin birinci yarısında neft və qaz sazişlərinin həyata keçirilməsi
ilə bağlı gəlirlər 3 milyard 812,1 milyon manat, o cümlədən mənfəət
neftinin və qazın satışından 3 milyard 802,1 milyon manat,
akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon
manat və tranzit gəlirləri isə 5,7 milyon manat olub.
Rəsmi açıqlamaya görə, ARDNF-nin vəsaitinin idarə olunmasından
əldə edilən gəlirlər 241,9 milyon manat, valyuta məzənnələrinin
dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlir 8 013,4
milyon manatdır.
Hesabat dövrü ərzində 3 milyard 561,6 milyon manat vəsait dövlət
büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin
məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması
üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat,
Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon
manat vəsait ayrılıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
maliyyələşdirilməsinə fonddan 17,2 milyon manat gedib. 5,9 milyon
manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə
yönəldilib. Cənub Qaz Dəhlizi layihəsi üzrə isə 307,4 milyon manat
vəsait ayrılıb.
Yanvar-iyun aylarında ARDNF-nin idarə edilməsi ilə bağlı
xərcləri 13,7 milyon manat təşkil edib. İyulun 1-nə fondun
aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ
dolları) nisbətən 3,56 faiz azalaraq 35 milyard 783,3 milyon ABŞ
dollarına bərabər olub. Açıqlamaya əsasən, ilin əvvəlinə nisbətən
valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin
dəyişməsindən yaranan fərqlə bağlıdır.
Prezident Administrasiyasının sabiq rəhbəri rüşvət ittihamı ilə
tutuldu
24.07.2015
Qırğızıstan Prezidenti Administrasiyasının sabiq rəhbəri Daniyar
Narımbayev iyulun 24-də həbs edilib. İyulun 22-də Baş Prokurorluqda
dindiriləndən sonra şübhəli şəxs qismində saxlanan Daniyar
Narımbayev paytaxt Bişkekin sabiq meri Nəriman Tüleyevin
qohumlarından rüşvət qoparmaqda ittiham olunur.
Transparency.az bildirir ki, ötən həftə Qırğızıstan Milli
Təhlükəsizlik Komitəsi ölkə parlamentinin deputatı Hacımurad
Qorxmazovu işinə Ali Məhkəmədə baxılan Nəriman Tüleyevin
yaxınlarından 100 min dollar rüşvət alarkən həbs edib. Bunun
ardınca Nəriman Tüleyevin qohumları Daniyar Narımbayevi deputatla
işbirliyində, rüşvət qoparmaqda, məhkəməyə təzyiqdə ittiham
ediblər. İyulun 20-də Daniyar Narımbayev vəzifəsindən istefa
verib.
İttihama görə, Daniyar Narımbayev Ali Məhkəmədə Nəriman
Tüleyevin işinin yüngülləşdiriləcəyini vəd edib.
Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib
24.07.2015
İyulun 24-ü Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə
İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın
məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi
prosesdə Xədicə İsmayılın vəkili Yalçın İmanovun yenidən onun
hüquqlarını müdafiə etməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
Vəkil Fariz Namazlı isə cinayət işinə xitam verilməsi, prosesdə
audio-video çəkilişin aparılması, Xədicə İsmayılovanın barəsində
həbs qətimkan tədbirinin dəyişdirilməsi və digər vəsatətlərlə çıxış
edib. Vəsatətlər təmin olunmayıb. Məhkəmə baxışı avqustun 7-nə
təyin olunub.
Xədicə İsmayıl (Xədicə Rövşən qızı İsmayılova) 1976-cı il mayın
27-də Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini
bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir
sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində,
“Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq”
radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna
rəhbərlik edib.
2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl özünü
öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə,
qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə
səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Silahlı Qüvvələrdə korrupsiya hallarına yol vermiş 43 şəxsin işi
məhkəmələrə gedib
24.07.2015
Silahlı Qüvvələrdə korrupsiya hallarına yol vermiş 43 şəxs
barəsində 25 cinayət işinin istintaqı 2015-ci ilin birinci yarım
ilində tamamlanaraq hərbi məhkəmələrə göndərilib. APA-nın
məlumatına görə, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev
Respublika Hərbi Prokurorluğunda 2015-ci ilin birinci yarısının
yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş
əməliyyat müşavirəsində belə deyib.
Vəliyev qeyd edib ki, hərbi prokurorluq orqanları mütəşəkkil
cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya
qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Hesabat
dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı
bir sıra cinayət işləri üzrə istintaq yekunlaşıb, günahkar şəxslər
cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər
nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 82,3
faizinin istintaq zamanı ödənilməsi təmin olunub.
Birinci yarım ildə Azərbaycan Respublikasının hərbi prokurorluq
orqanlarında vətəndaşların 793 müraciətinə baxılıb, 428 vətəndaş
mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1491
vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və
birləşmələrdə 1206 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq
qərarlar verilib.
Maliyyə Nazirliyinin nəzarət tədbirlərinin nəticələri barədə
məlumat
24.07.2015
Maliyyə Nazirliyi 2015-ci ilin birinci yarısında aparılmış
nəzarət tədbirlərinin nəticələri ilə bağlı açıqlama yayıb.
Transparency.az-ın məlumatına görə, açıqlamada deyilir ki, Təhsil
Nazirliyində, Azərbaycan Texnologiya Universitetində, 3 rayon üzrə
təhsil şöbəsində və 1 internatda, Qax Mərkəzi Rayon Xəstəxanasında,
Qobustan Rayon Gənclər və İdman İdarəsində, Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, habelə Maliyyə Nazirliyinin
Ağstafa Rayonu üzrə Maliyyə İdarəsində yoxlamalar aparılıb:
- Aşkar olunmuş nöqsanlarda təqsiri olan vəzifəli şəxslər
barəsində tədbirlər görülməsi üçün müvafiq yerli və mərkəzi icra
hakimiyyəti orqanlarına məktublar göndərilib, Ağstafa Rayonu üzrə
Maliyyə İdarəsinin rəisi işində yol verdiyi nöqsanlara görə tutduğu
vəzifədən azad edilib.
Aşkar edilmiş nöqsanların xeyli hissəsi nəzarət tədbirlərinin
gedişində aradan qaldırılıb, artıq və əsassız ödənişlərin əsas
hissəsinin (3099,43 min manat) büdcəyə bərpası təmin edilib, rayon
təhsil şöbələri üzrə faktiki olaraq fəaliyyət göstərməyən bir
ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb,
qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil
məktəblərində yaradılmış 23 sinif komplekti və məktəbdənkənar
müəssisələrdə fəaliyyəti olmayan 113 dərnək və qrup, normadan artıq
saxlanmış 39,5 ştat vahidi ləğv edilib, işlə təmin olunduğu müəyyən
edilmiş 78 nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının və 110
fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi
dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq
işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri
artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki səviyyəyə
qaytarılıb, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan
keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı
214 nəfər azaldılıb, normativ sənədlərin tələblərinə uyğun olmayan
əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Azərbaycan Texnologiya Universitetində və Ağcabədi Rayon İcra
Hakimiyyəti başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə
nümayəndəliyində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə
alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi
qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol
vermiş ümumilikdə 428 nəfər vəzifəli şəxs 263,8 min manat
məbləğində cərimələnib.
Əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə
təşkilatlarında apardığı yoxlamalarla aşkar olunmuş artıq və
əsassız ödənişlərin 21,85 min manatının dövlət büdcəsinə bərpası
təmin edilib.
Baş Prokurorluğun məktubları ilə Maliyyə Nazirliyinə göndərilmiş
qərarlarda və həmin məktublarda göstərilən sahə və suallar Dövlət
Maliyyə Nəzarəti Xidmətində yoxlanıb və cəmi 450,21 min manat
məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları
müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.
Hökumət 4 milyard manatı haradan tapacaq?
24.07.2015
Dövlət Neft Fondu 6 aylıq büdcə məlumatlarını açıqlayıb. Yarım
ilin nəticələrinə görə, fondun gəlirləri 4 milyard manat ətrafında
olub. Gəlirlərin 3,5 milyard manatı dövlət büdcəsinə yönəldilib.
2015-ci ilin dövlət büdcəsi qanununa görə, ikinci 6 ayda büdcəyə
əlavə olaraq 6,9 milyard manata yaxın vəsait köçürülməlidir.
Transparency.az-a danışan iqtisadçı ekspert Rövşən Ağayev deyir
ki, neftin qiyməti indiki kimi qalarsa, fond büdcəyə transfertləri
tam həyata keçirə bilməyəcək: “Növbəti 6 ayda da Neft Fondunun
gəlirlərinin 4 milyard manat ətrafında olacağı nəzərə alınsa, 6,9
milyard manat transfert üçün tələb olunan əlavə 3 milyard manata
yaxın vəsait hansı mənbədən götürüləcək?
İndiki qiymətlərlə ən yaxşı halda bütövlükdə il üzrə 7 milyard
manat transfert real görünür. Amma proqnoza görə, 10,4 milyard
transfert olmalıdır.
Dövlət büdcəsinin 6 aylıq nəticələrinin təhlili göstərir ki,
vergi daxilolmaları da ilin sonuna təxminən 500 milyon manat
kəsirlə icra edilə bilər. Hər iki mənbədən qeyd olunan miqyasda
mümkün gəlir itkilərini nəzərə alsaq, hökumətin artıq indidən
dövlət büdcəsinin tam icrası üçün 3,5-4 milyard manat gəlirin
mənbəyini tapmalıdır. İki yol var: ya fondun ehtiyat aktivləri
büdcəyə cəlb edilir, ya da hökumət gəlirlərin azalmasına uyğun
xərcləri ixtisar edir. Üçüncü alternativ bu iki yolun qarışığıdır.
Amma hələ də hökumət qurumlarında və büdcəyə nəzarət səlahiyyəti
daşıyan parlamentdə mümkün büdcə ssenariləri ilə bağlı heç bir
müzakirə yoxdur”.
Qızılı nələr ucuzlaşdırır
24.07.2015
Dünya bazarında qızılın bir qramı 34 dollara düşüb. Bu barədə
şərh yayan iqtisadçı Vüqar Bayramov yazır ki, 34 dollar dünya
bazarında qızılın son 5 ildə ən çox ucuzlaşması deməkdir: “Qızıl
son 1 ildə 16 faiz, yarım ildə 15 faiz, iyul ayında 7 faiz dəyər
itirib. Son 5 ildə 8 faiz ucuzlaşma qeydə alınıb.
Dünya bazarında qızıla tələbin azalması, bir sıra ölkələrin
ehtiyatlarını satışa çıxarması və investorların bazardan öz
vəsaitlərini tədricən çəkməsi qiymətli metalı dəyərdən salır.
Qızılın ucuzlaşmasına təsir edən digər amil ona zinət əşyası kimi
marağın azalmasıdır.
Hazırda dünya bazarında inflyasiya minimuma enib, səhmlərin
qiymətləri artmağa başlayıb və dollar güclənir. Bütün bunlar
qızılın investisiya baxımından cəlbediciliyini azaldır.
2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla
çevirən bir sıra ölkələr, o cümlədən Çin və Hindistan qızıl
külçələri və sikkələri ötən ildən bazara çıxarıblar, bu da qızıl
təklifinin artmasına səbəb olub.
Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son vaxtlar
müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların möhkəmlənməsi
qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir”.
Ekspertin sözlərinə görə, dünya bazarındakı dəyişikliklər
Azərbaycanda qızılın qiymətinə təsir göstərir: “İdxalın ucuzlaşması
nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın qiymət azalması
qeydə alınıb”.
Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı
açıqlayıb
27.07.2015
Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin birinci yarısında
daşınmaz əmlakın qeydiyyatına yönəlmiş 3 SMS istifadəyə verib.
“Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi
üzvlərinə güzəştli satışı”, “İxtisaslaşdırılmış pul hərraclarında
sifarişlərin və sənədlərin elektron qəbulu” xidmətləri də təqdim
olunub. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az),
həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az)
üzərindən göstərilir.
Komitədən AZƏRTAC-a bildirilib ki, 31 e-xidmət vasitəsilə hüquqi
və fiziki şəxslərdən 227 minədək e-müraciət daxil olub. Təqdim
olunan e-xidmətlərdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə
dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə
bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ
xidmətlərdir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil
ofis xidmətləri vasitəsilə vətəndaşlardan 45 min 500 müraciət qəbul
edilib. “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 3 min 800-ə
yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən
çıxarışlarla əvəz olunub.
İnformasiya əldə etməyi asanlaşdıran yeni sistem yaradılıb
27.07.2015
Azərbaycanlı startapçılar informasiya əldə etmək prosesini
asanlaşdıran yeni sistem yaradıblar. “MobChannel”(qlobal layihə
olduğu üçün ad ingilis dilində seçilib) adlanan layihənin rəhbəri
Vaqif Abbasov AZƏRTAC-a bildirib ki, sistem əksər yerli və xarici
mətbuatı bir mənbədə toplayır: “Layihə üzrə internetdə lazımı
informasiyaları daha rahat əldə etmək üçün 14 kanal təqdim olunur.
İstifadəçilər bu kanallar üzrə filtrlərini daxil etməklə lazımı
məlumatları rahat əldə edə bilər”.
Hazırda proqram “Android” əməliyyat sistemli telefonlar üçün
mövcuddur. Onu yükləmək üçünmobchannel.com/app ünvanından
istifadə etmək mümkündür.
Manatla əmanət qoyuluşu 62 faizdən 27 faizə enib
27.07.2015
Əmanətlərin Sığortalanması Fondu 6 aylıq statistika açıqlayıb.
Transparency.az-a bu məsələ ilə bağlı danışan iqtisadçı ekspert
Samir Əliyev deyib ki, açıqlamaya qorunan əmanətlərin həcmi barədə
məlumat daxil edilməyib: “Buna baxmayaraq əmanətlərin
sığortalanması sahəsində müəyyən tendensiyaları müşahidə etmək
mümkündür. Əvvəla, 2014-cü ilin ikinci rübü ilə müqayisədə
kompensasiya olunan əmanətlərin payı 31 faizdən 28 faizə düşüb.
Qorunan əmanətçilərin payında isə 91 faizdən 90 faizə azalma
var.
İkincisi, əmanətlərin dollarlaşmasının nəticəsi olaraq qorunan
əmanətlərdə ABŞ dollarının payı 34 faizdən 69 faizə yüksəlib. Manat
əmanətlərin payı isə 62 faizdən 27 faizə enib. Fondun vəsaitlərinin
illik gəlirliliyi 4,34 faizdən 4,2 faizə azalıb”.
Samir Əliyev əlavə edib ki, əmanətlərin azalması iyun ayında da
dayanmayıb və 40 milyon manat azalaraq 7,56 milyard manat olub:
“Ümumiyyətlə, əmanət qoyuluşu 4 aydır düşür. 4 ayda əmanət qoyuluşu
5 faiz və ya 371 milyon manat azalıb”.
Dünyanın 500 ən böyük şirkətinin illik reytinqi
27.07.2015
“Fortune” jurnalı dünyanın 500 ən böyük şirkətinin illik
reytinqini (Reytinq cədvəli) dərc edib. Lider dünyanın ən böyük
pərakəndə satış şirkəti “Wal-Mart” super-marketlər şəbəkəsidir.
Şirkətinin illik mədaxili 485,6 milyard, xalis gəliri 16,3 milyard
dollar olub.
Siyahıda ikinci yerdə Çinin neft-kimya şirkəti “Sinopec Group”
qərarlaşıb. Şirkət il ərzində 446,8 milyard dollar qazanıb.
Reytinqdə şirkətlər ötən maliyyə ili ərzində əldə etdikləri
mədaxilin həcminə görə sıralanır. Transparency.az Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin saytına istinadla bildirir ki, “Fortune
Global 500” siyahısında “Apple” şirkəti 15-ci yeri tutaraq Cənubi
Koreyanın “Samsung” istehsalçısından iki pillə geri qalıb.
“Samsung” il ərzində 195 milyard, “Apple” 183 milyard dollar qazanc
əldə edib. Lakin reytinqdə xalis gəlirə görə ABŞ istehsalçısı həm
Cənubi Koreya şirkətindən, həm də reytinqin digər iştirakçılarından
xeyli yüksəkdə qərarlaşıb. 39,5 milyard dollarlıq xalis gəlirlə
“Apple” 500 şirkət arasında ikinci, “Samsung” doqquzuncu yerlə
(21,9 milyard dollar) kifayətlənib.
“Microsoft” korporasiyası 22 milyard dollar xalis gəlir əldə
etməklə «Samsung”u bir pillə geridə qoyub. Reytinqdə gəlirə görə
ABŞ-ın proqram təminatı istehsalçısı 95-ci yeri tutub.
İlin birinci yarısında 13676 nəfər işlə təmin edilib
27.07.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Məşğulluq Xidməti (DMX) bu ilin birinci yarısında 13676 nəfər işsiz
və iş axtaran vətəndaşı işlə təmin edib. Nazirlikdən
Transparency.az-a daxil olan məlumatda deyilir ki, hesabat dövründə
DMX-nin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir
şəhərlərindəki əmək birjaları əhalidən və ayrı-ayrı iş adamlarından
müxtəlif peşə və ixtisaslar üzrə qəbul edilmiş sifarişlər əsasında
1879 nəfəri müvəqqəti xarakterli işlərə göndərib.
1800 nəfərədək işsiz və iş axtaran vətəndaş kompüter
istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadıçı, aşpaz
köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və
əlavə təhsil kurslarına, 675 nəfər haqqı ödənilən ictimai işlərə
cəlb edilib.
“Elektron hökumət” elektron viza sistemi tətbiq edəcək
27.07.2015
“Elektron hökumət” portalının tərkibində elektron viza sistemi
tətbiq olunacaq. Portalın operatoru olan Məlumat Hesablama
Mərkəzindən AZƏRTAC-a bildirilib ki, immiqrantlar üçün yeni
bölmənin yaradılması planlaşdırılır. Gələcəkdə bu bölmənin
funksiyaları genişləndirilə, Azərbaycana gələn əcnəbilər üçün
ünsiyyət platforması da təqdim oluna bilər.
Hazırda e-viza Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi
saytında təqdim edilir. E-viza anketini iki dildə — ingilis və
Azərbaycan dillərində doldurmaq mümkündür. Viza 3 həftə
dəyərləndirildikdən sonra immiqrantın anketdə göstərdiyi elektron
poçt ünvanına PDF formatında göndərilir. Bundan sonra isə immiqrant
əldə etdiyi vizaya möhür vurdurmaq üçün aidiyyəti quruma
yaxınlaşmalıdır.
Məlumatda əlavə olunur ki, dünya təcrübəsində miqrasiya
prosesinin sadələşdirilməsi məqsədilə aidiyyəti saytlarda viza üçün
sorğu anketi təqdim edilir. E-viza sorğu anketində immiqrantın
fərdi məlumatları ilə yanaşı səfərin məqsədi və müddəti qeyd
olunur. Həmçinin xarici pasportun surəti yüklənir, vizanın növü,
turistik, işgüzar (biznes), rəsmi səfər, təhsil, müalicə, şəxsi
(qohum və ya dostların ziyarəti), tranzit, idman yarışlarında
iştirakı da qeyd edilir.
Viza üçün tələb olunan dövlət rüsumu sayt üzərindən plastik
kartlar vasitəsilə elektron şəkildə ödənilir. Müəyyən edilən zaman
ərzində (3-5 iş günü, Avropa ölkələrində 14 gün) anketdə göstərilən
elektron ünvana verilən vizanın təsdiqi barədə bildiriş
göndərilir.
AZAL aviabiletlərin qiyməti ilə bağlı yeni açıqlama yaydı
27.07.2015
“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviabiletlərin qiymətləri
ilə bağlı yeni açıqlama yayıb. APA-Economics-in məlumatına görə,
avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə
ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunacaq.
Qeyd olunur ki, Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti
406 avrodan 321 avroya, Bakı-İstanbul-Bakı marşrutu üzrə 277
avrodan 219 avroya, Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216
avroya endiriləcək.
Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra
Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro,
Bakı-Lvov-Bakı üzrə 141 avro, Bakı-Pekin-Bakı marşrutu üzrə 116
avro, Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro endirim tətbiq
olunacaq.
Açıqlamaya görə, ən aşağı qiymət sinfi üzrə yerlərin sayı
artırılıb, biznes-klassdan başqa digər bütün yerlərin 30 faizindən
az deyil və təyyarənin tipindən asılı olaraq 32-61 arasında
dəyişir.
AZAL həmçinin daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı
büdcəli sərnişindaşıma xətləri (“lou-kost”) təcrübəsinin tətbiqinə
başlayıb. Bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi
üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı
reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün
Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə
bir uçuş həyata keçiriləcək.
Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar
daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. 99
avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan
istiqamətlərə uça biləcək. Sərnişinlər hər bir baqaj üçün əvvəllər
bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.
Ətraflı məlumat
Yunusların məhkəməsi: ittiham aktı elan olunub
27.07.2015
Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus
və onun həyat yoldaşı Arif Yunusun işi üzrə proses iyulun 27-də
davam etdirilib. Ötən ilin yayında tutulan Yunusların işi külli
miqdarda ziyan vurmaqla dələduzluq, külli miqdarda gəlir əldə
etməklə qanunsuz sahibkarlıq, külli miqdarda vergi ödəməkdən
yayınma, saxtakarlıq ittihamları ilə araşdırılır. Onlara irəli
sürülmüş dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata
verilib.
APA-nın məlumatına görə, 27 iyul prosesində dövlət ittihamçısı
ittiham aktını elan edib. İttihamnaməyə əsasən, Leyla Yunus
dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə
qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirib, dövlət büdcəsinə
vergiləri ödəməkdən yayınıb, külli miqdarda pulu Arif Yunusun
hesabına köçürərək mənimsəyib.
İttihamla razılaşmayan Leyla Yunus dövlət ittihamçısının
suallarını cavablandırmayıb, Arif Yunus isə indiki mərhələdə ifadə
verməkdən imtina edib.
Virtualaz.org saytının məlumatına görə, Leyla Yunus deyib ki,
bir hesabdan digərinə pul köçürülməsi dələduzluq deyil: “Biz
dələduz deyilik. Özü də bu pullar Azərbaycan hökumətinin pulları
deyildi, donor təşkilatların, donorlarla mənim aramdakı pullar
olub”.
Vergilər Nazirliyinin kollegiya iclası prezident İlham Əliyevin
iradlarını müzakirə edib
28.07.2015
İyulun 27-də Vergilər Nazirliyi kollegiyasının iclası keçirilib.
Kollegiyada çıxış edən vergilər naziri Fazil Məmmədov Nazirlər
Kabinetinin 13 iyul iclasında prezident İlham Əliyevin vergi
orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan
qaldırılması istiqamətində ciddi addımlar atıldığını bildirib,
neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi
ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni
maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan
nazir vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə
araşdırılması, fəaliyyətində nöqsanlara yol verən vergi xidməti
orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini
qeyd edib.
AZƏRTAC-ın məlumatına görə, nazir deyib ki, cəmiyyətdə vergi
mədəniyyətinin formalaşdırlması istiqamətində səylər artırılmalı,
vergi ödəyicilərinə xidmətlərin spektri və informasiya
texnologiyalarının tətbiqi imkanları genişləndirilməli, vergi
orqanlarının fəaliyyətində şəffaflıq artırılmalı, bu sahələrdə
qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilməlidir.
Yekunda vergi inzibatçılığının optimallaşdırılması məqsədilə
işçi qrupunun yaradılması barədə qərar verilib.
Transparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin
iclasında prezident İlham Əliyev sahibkarlara olan təzyiqlərdən söz
açıb: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi
özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni
bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi
ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə
versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq
heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd
etməliyəm. Sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz
verməlidirlər, vəssalam. Ondan başqa heç kimə 1 manat
verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş
verirəm.
Eyni zamanda dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki,
heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə
hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli
icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay
istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son
qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv
edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu,
bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə
yığışdırılmalıdır. Bu gün mən bütün aidiyyəti qurumlara və eyni
zamanda sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər,
qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə
yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan
dərhal öz cəzasını alacaq.
Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə
varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına
qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən
dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır,
dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu
bilsin və nəticə çıxarsın”.
İnsan alveri ilə mübarizə: Azərbaycan üç dəstənin ikincisində
yer alır
28.07.2015
ABŞ Dövlət Departamenti insan alveri ilə mübarizəyə dair illik
hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda 188
ölkəyə qiymət verilir. İnsan qaçaqmalçılığı, cinsi istismar və
quldarlıqla mübarizədə fəal ölkələr birinci dəstəyə (Tier-1),
qismən fəal ölkələr ikinci dəstəyə (Tier-2), passiv ölkələr isə
üçüncü dəstəyə (Tier-3) aid edilib.
Tier-1-də 31 ölkə, o cümlədən qonşu Ermənistan yer alır.
Siyahıda ABŞ, Böyük Britaniya, İsveç, Kanada, Cənubi Koreya,
Avstraliya və başqaları öndə gəlir.
İkinci dəstəyə 89 ölkə daxildir. Onların arasında Azərbaycan da
var.
Tier-3-ə Tailand, Malayziya, Venesuela, Qambiya və başqa
ölkələrin adları salınıb.
“Azadlıq” radiosunun məlumatında deyilir ki, ikinci dəstəyə
keçmiş sovet respublikalarının çoxu, o cümlədən Gürcüstan daxil
edilib. Qonşu Rusiya və İran isə üçüncü dəstədə qərar tutublar.
Hesabatın Azərbaycana aid hissəsində qeyd olunur ki, ölkə insan
qaçaqmalçılığına qarşı mübarizədə əhəmiyyətli tərəqqiyə nail olub,
bununla belə məcburi əməyə və cinsi istismara cəlb olunanlar üçün
mənbə, tranzit və mənzil rolunu oynayır: “Azərbaycanlı kişilər və
oğlanlar Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində məcburi
əməyə məruz qalır. Azərbaycan həm də Çin, Rusiya, Türkiyə və
Özbəkistandan əmək trafikinqinə məruz qalanların mənzil ölkəsidir.
Türkiyədən, Avropanın bəzi ölkələrindən, Cənubi və Mərkəzi Asiyadan
olan qurbanlar Azərbaycanda məcburi əməyə cəlb olunurlar.
Azərbaycan həm də Mərkəzi Asiyadan Birləşmiş Ərəb Əmirlikləri,
Türkiyə və İrana seks və əmək trafikinqi qurbanlarının nəqli üçün
tranzit ölkə funksiyasını daşıyır”.
Transparency.az qeyd edir ki, statistikaya görə, dünyada 21
milyon şəxs insan alveri qurbanıdır, bu biznes işbazlara 150
milyard dollar gəlir gətirir.
Prezident sərəncamının icrası: nazir ilkin hesabat verdi
28.07.2015
Prezident İlham Əliyevin 20 iyun 2014-cü il sərəncamının icrası
olaraq inşası başa çatmış ilk fərdi ev Qusar rayonunda şəhid
ailəsinin istifadəsinə verilib. Xəbəri iyulun 28-də Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Prezident sərəncamı 2014-cü il yanvar ayının 1-dək mənzil
növbəsinə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin
2014-2018-ci illərdə mənzillə təmin edilməsini nəzərdə tutur. Əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qusar rayonunun
Həsənqala kəndində tikilmiş fərdi yaşayış evinin şəhid ailəsi
Hacıyeva Səlimə Şah qızına təqdim olunması zamanı bildirib ki, 52
rayonda 375 fərdi evin inşası da həyata keçirilib.
Səlim Müslümov ötən ay Tərtər rayonunda 54 mənzilli daha bir
yaşayış binasının müharibə əlilləri və şəhid ailələrin istifadəsinə
verildiyini xatırladaraq bildirib ki, hazırda Bakı şəhərində və
İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4
çoxmənzilli yaşayış binası tikilir: “Hazır binalardan 165 mənzilin
alınması işləri də aparılır ki, onlar təmir edildikdən sonra
istifadəyə veriləcək. Ümumilikdə cari il ərzində 964 mənzilin və
fərdi yaşayış evinin müharibə əlilləri və şəhid ailələrinin
istifadəsinə verilməsi planlaşdırılır”.
Nazir müharibə əlilləri və şəhid ailələrinin digər sahələrdə də
dövlət qayğısı ilə təmin olunduqlarını diqqətə çatdırıb: “Hazırda
müharibə əlilləri və onlara bərabər tutulan 18784 nəfər vətəndaş
sosial müavinət və ya əmək pensiyası ilə bərabər prezidentin aylıq
təqaüdləri ilə təmin olunurlar ki, onların 12289 nəfəri Azərbaycan
Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun
müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir. Təkcə ötən ilin
əvvəlindən bu təqaüdlərin orta aylıq məbləği 50%-ə yaxın artırılıb.
13 min 405 şəhid ailəsinə də prezidentin aylıq təqaüdü ödənilir.
Həmin təqaüdün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 200 manata
çatdırılıb.
Müharibə əlilləri və şəhid ailələrinin uşaqları aylıq sosial
müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi
üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial
müavinətlə təmin olunurlar. Eləcə də onların ödənişli təhsil alan
övladları təhsil haqqından azad ediliblər. “Əmək pensiyaları
haqqında” qanunla isə əmək pensiyası təyin edilmiş şəhid ailəsi
üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85
faizi məbləğində əlavə hesablanır”.
İstehlak bazarında monitorinqin nəticələri açıqlanıb
28.07.2015
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak
bazarında monitorinqlə bağlı məlumat yayıb. Qeyd olunur ki, Bakının
Xətai rayonunda — Naximov küçəsi, 41 ünvanında Zərifə Quliyevaya
məxsus mağazada; Pirallahı rayonunda — K.Rzayev küçəsi, 16
ünvanında Aida Cəfərovaya məxsus mağazada; Abşeron rayonunda —
Novxanı qəsəbəsində Şahin Quliyevə məxsus mağazada saxlama müddəti
ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan
mallar aşkarlanıb.
Bakının Xəzər rayonunda — Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 14
ünvanında İlqar Allahverdiyevə məxsus mağazada; Pirallahı rayonunda
— Pirallahı qəsəbəsi, 28-ci məhəllədə Gülarə Hüseynovaya məxsus
mağazada; İsmayıllı rayonunda — İvanovka kəndində Arif Məsimova
məxsus mağazada; Ağcabədi şəhərində — S.Vurğun küçəsində Adil
Quliyevə məxsus mağazada və H.Hacıyev küçəsində Habil Allahverdiyə
məxsus mağazada isə normativ-texniki sənədlərin tələblərinə uyğun
olmayan malların üzə çıxdığı bildirilir.
Transparency.az qeyd edir ki, rəsmi açıqlamaya görə, Bakının
Qaradağ rayonunda- Səngəçal qəsəbəsində Bənövşə Behbudovaya və
Aygül Kazımovaya məxsus mağazalarda; Pirallahı rayonunda —
M.Əzizbəyov küçəsi, 94 ünvanında Yaqub Yusubova məxsus mağazada;
Xətai rayonunda — İ.İsmayılov küçəsi, 8 ü